Fevralın 21-də Şeyxülislam Allahşükür Paşazadə üzvü olduğu Müsəlman Ağsaqqalları Şurasının Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən geniş formatda illik toplantısında iştirak edib.
Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) üzvləri ilə yanaşı iclasda İslam dünyasının müxtəlif məzhəbləri təmsil edən tanınmış üləmalar, mərceyi-təqlidlər, İslam dininin görkəmli xadimləri, o cümlədən, İordaniya şahzadəsi Ğazi bin Məhəmməd, Misirin Vəqflər naziri Usama əl Əzhəri, Misir Müftisi Nazir Əyyad, Zeytuna Universitetinin prezidenti Həmzə Yusif, Ayətullah Müstafa Mühəqqiq Damad, Ayətullah Əhməd Möbəlləği, Seyyid Məhəmmədəli Əbtəhi, İƏT-in sabiq Baş katibi Ekmələddin İhsanoğlu və b. iştirak ediblər.
MAŞ iclasında İslam dünyasını narahat edən təhdid və problemlər, o cümlədən, Fələstin məsələsi, süni intellektin mənfi təsirlərinin qarşısının alınması yönündə zəruri əməli tədbirlər müzakirə olunmuş, Əl-Əzhəri Şərifin rəhbərliyi ilə Müsəlman Ağsaqqalları Şurası tərəfindən müxtəlif məzhəbləri təmsil edən üləmaların müasir zəmanənin çağırışlarına cavab verən yeni ictihad, dini-elmi araşdırmaların vacibliyi vurğulanmışdır.
Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-20-də Manamada baş tutmuş "Bir ümmət, bir tale" şüarı altında İslamdaxili Dialoq Konfransının qəbul etdiyi Yekun Bəyanata dəstək ifadə edən MAŞ üzvləri müsəlman məzhəbləri arasında anlaşmaya xidmət edən təkliflər hazırlamaq məqsədilə daimi fəaliyyət göstərən birgə qurum yaratmaq niyyətlərini ifadə ediblər. Müsəlman üləmalardan məsələ ilə bağlı konkret təkliflərini vermələri xahiş olunub.
Bu əsnada, bir gün öncə başa çatan Bəhreyn Konfransı çərçivəsində Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib, Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdülsəlam və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup şiə dini lider və xadimləri ilə görüş keçiriblər. Görüşdə şiə din xadimlərinin irəli sürdükləri təşəbbüs və təkliflər müzakirə olunmuş, Bəhreyn konfransının məramının uğuru və davamlı inkişafı yönündə məqamlar müzakirə olunmuşdur.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir